Sultanzade Pir Ehmed Bey Qaramanoglu - Wikipedia
Pir Əhməd bəy (ö. 1474) — Qaramanoğulları bəyliyinin bəyi. Anası İlaldı Xatun Osmanlı sultanı Çələbi Mehmedin qızı olduğu üçün "Sultanzadə" təxəllüsü ilə də anılır.
Sultanzadə Pir Əhməd bəy | |
---|---|
1464 – 1474 | |
Əvvəlki | II İbrahim bəy Qaramanoğlu |
Sonrakı | Qasım bəy Qaramanoğlu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | II İbrahim bəy Qaramanoğlu |
Anası | İlaldı Xatun |
Uşağı | Hilmiyyə Xatun |
Həyatı
redaktəPir Əhməd bəy Qaramanoğlu bəyi II İbrahim bəyin və Çələbi Sultan Mehmedin qızı İlaldı Xatunun oğlu idi. Beləliklə, həm Osmanlı, həm də Qaramanoğlu taxtında söz sahibi idi. Atasının bu nigahdan daha 5 oğlu və başqa bir kölə qadından İshaq bəy adlı bir oğlu var idi. Osmanlı mənbələrinə görə, İbrahim bəy Osmanlılara olan nifrəti səbəbilə özündən sonra İshaq bəyin taxta çıxmasını istəyirdi. 1464-cü ildə İbrahim bəyin səhhəti pisləşdi və qardaşlar arasında taxt uğrunda mübarizə başladı. Pir Əhməd bəy əvvəlcə atası İbrahim bəyi və qardaşı İshaqı Konyada mühasirəyə aldı. Vəziyyəti başa düşən İbrahim bəy oğlu İshaq gizlicə şəhərdən qaçdı və nəticədə Pir Əhməd bəy özünü bəy elan edərək taxta oturdu. Səhhəti pis olan İbrahim bəy isə Konyadan qaçarkən Hevelin qalası yaxınlığında vəfat etdi. Pir Əhməd bəy atasının cənazəsini Larəndədə qarşıladı və burada dəfn etdi.
İbrahim bəyin ölümündən sonra mübarizə aparan iki oğlu bəyliyi iki yerə böldülər. Pir Əhməd bəy Konyada, qardaşı İshaq bəy isə Silifkədə möhkəmləndi. Ancaq Ağqoyunlu sultanı Uzun Həsəndən yardım alan İshaq bəy Pir Əhməd bəyəin qüvvələrinə hücum etdi və nəticədə məğlub olan Pir Əhməd bəy qaçaraq Sultan Mehmedə sığındı. Növbəti il Pir Əhməd bəy Osmanlı ordusundan aldığı dəstək qüvvələrlə əks-hücuma keçdi və Ərmənəkə qədər irəlilədi. Məğlub olan İshaq bəy Uzun Həsənə sığındı və çox keçmədən vəfat etdi (1466). Bütün səfərlərdə hərbi dəstək vermək şərtiylə, Osmanlı tabeliyini qəbul edən Pir Əhməd bəy çox keçmədən Osmanlıdan üz döndərdi. 1467-ci ildə Osmanlı sultanını qəzəbləndirən Məmlüklərə qarşı qurulan ittifaqa qoşulmadı. Nəticədə Sultan Mehmed 1468-ci ildə çıxılan səfərin istiqamətini dəyişərək Qaramanoğlu bəyliyini hədəf seçdi.
Bütün ailə üzvlərini və bəyliyin xəzinəsini mennan qalasında qoyaraq Uzun Həsənə sığınan Pir Əhməd bəy digər qardaşları və Osmanlılarla mübarizə aparmaq üçün ordu toplamağa başladı. 1470-ci ildə doğma qardaşı Qasım bəylə ittifaq quraraq Osmanlı ordusuna hücum etsə də, Gədik Əhməd Paşa tərəfindən məğlub edildilər. Ardından Ərmənək və Mennan qalaları Osmanlıların əlinə keçdi. Ailəsinin və bəylik xəzinəsinin Osmanlıların əlinə keçməsindən sonra, bəzi mənbələrə görə Pir Əhməd bəy özünü qayalıqdan aşağı atmaq istəmişdir.
Qasım bəy isə Osmanlı tabeliyini qəbul etməyərək Ankaraya hücum etmiş, Buna cavab olaraq Osmanlı ordusu 1471 və 1472-ci illərdə bölgəyə səfərlər tərtiblədi. Bu səfərlərin ikincisində Uzun Həsən də bölgəyə gəldi və Sultan Mehmedin oğlu Şahzadə Mustafanın idarəsindəki Qaraman bölgəsinə hücum etdi. Uzun Həsənin niyyəti, əvvəlcə Qaramanoğlu taxtına Pir Əhməd bəyi gətirmək və Sinopa hücum edərək Candaroğlu Qızıl Əhmədin hakimiyyətini bərpa etmək idi. 20 min nəfərlik Ağqoyunlu ordusunda Uzun Həsənin qardaşı oğlu Yusif Mirzə ilə yanaşı, Pir Əhməd bəy, Qasım bəy və Candaroğlu Qızıl Əhməd də yer alırdı. Bu mübarizənin əsas səbəbi isə ipək ticarətinə hakim olmaq idi. Kayseri şəhərini ələ keçirən Qaramanoğlu qardaşları Konyanı mühasirəyə alsa da, mühasirə uğurlu olmadı. Beyşəhər yaxınlığında qarşı-qarşıya gələn ordular burada ölümcül döyüşə girdilər. Şahzadə Mustafanın qələbəsi ilə başa çatan döyüşün sonunda Yusif Mirzə əsir düşdü və Pir Əhməd bəy yenidən Uzun Həsənin yanına qaçdı.
Növbəti ilki səfərə hazırlaşan iki tərəf arasında Ağqoyunluları dəstəkləyən Qaramanoğulları sahildən gələcək olan Venesiya gəmilərindən aldıqları silah sursatı Ağqoyunlu ordusuna təhvil verməli idi. Ancaq Osmanlı ordusu bu keçidi ələ keçirdilər və nəticədə 1473-cü ildə Otluqbeli döyüşündə Ağqoyunlular məğlub edildilər. Pir Əhməd bəy məğlub olan Uzun Həsənlə birlikdə Silifkəyə çəkildi. Sonrakı həyatı ilə bağlı heç bir məlumat yoxdur. Pir Əhməd bəy 1474-cü ildə vəfat etmişdir.
Pir Əhməd bəyin ailəsindən yalnız Hilmiyə Xatun adlı qızı olduğu bilinir.
Mənbə
redaktə- Afyoncu E. Otlukbeli Savaşı : Islamansiklopedisi.
- Angiolello G.M. A Short Narrative of the Life and Acts of King Ussun Cassano