Turk Kitabeleri - Wikipedia
Türk kitabələri – runi, uyğur, suriya və ərəb kitabələri.
Abidələrin təsnifatı
redaktəNövündən asılı olaraq Türk kitabələri runi, uyğur, suriya və ərəb kitabələrinə bölünür. Runi kitabələr Macarıstandan Lenayadək geniş bir ərazini əhatə edir. Qəbirüstü abidələr üzərində ən böyük mətnlər Monqolustanda - Orxon-Yenisey, Selenqi və Tol çaylarının hövzələrində rast gəlinir. Onlar kəşf olunduğu andan (XIX əsrin sonu) Orxon kitabələri adlandırılmışdı. Gültəkinin, Bilgə xaqanın Ongin abidəsinin, Tonyukuk və Kuliqurun xatirələrinə hazırlanmış abidələr linqvistik cəhətdən qədim oğuz dillərinə aiddir. Xakasiya və Tıvada aşkar olunmuş kitabələr paleoqrafik və dil cəhətdən VI-VIII əsrlərə, arxeoloji məlumatlara görə VII-VIII əsrlərə aiddir. Yayıldığı əraziyə görə onlara Yenisey abidələri deyilir. Buradan da türk runisinə verilmiş ikinci ad Orxon-Yenisey abidələri yaranmışdır. Bu tip kitabələr Altay Respublikasında, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Çonin Sinzyan abidələrində aşkar edilmişdir. Novoçerkasskdan, Mayatsk şəhərciyindən, Sargeldən (Don çayı sahilidən) və Xumardan (Şimali Qafqazdan) tapılan kitabələr xəzərlərə məxsusdur. Macarıstanın bəzi yerlərindən tapılmış gümüş qablar üzərindəki runi yazılar əsasən peçeneqlərə aiddir. Uyğur kitabələrinin nümunələrindən biri Monqolustanın Ulanqon məntəqəsindən qeydə alınıb və VIII-XIX əsrlərə aiddir. Suriya əlifbası ilə həkk edilən kitabələr İssık-Kul bölgəsində, Məzar kəndində, Köhnə Tokmakın yaxınlığında qədim Almalığın xarabalığında və Kaşqar şəhərində aşkar olunmuşdur. Onların dövrü XIII-XIV əsrlərə aiddir. Bu kitabələrin dili bəzən türk sözləri və frazaları ilə birlikdə Suriya, bəzən təmiz türk dilində yazılırdı. Türk kitabələrinin böyük bir qrupu ərəb əlifbası ilə həkk edilmişdir. XIII-XIV əsrlərə aid olan bu kitabələrin çoxu qədim bulqarlara, XV-XVIII əsrlərə aid olanlar isə Kazan tatarlarına aiddir. Ərəb əlifbası ilə həkk edilmiş və XIV-XVIII əsrlərə aid olan kitabələr Türkiyədə və Balkanlarda da geniş yayılmışdı.[1]
Abidələrin ilk tədqiqatı
redaktəİlk dəfə 1893-cü ildə danimarka alimi V.Tomsen tərəfindən runi yazıları oxunduqdan sonra onların intensiv tədqiqi başlanmışdır. Bu qrupa aid olan kitabələrin tədqiqi ilə rus alimi V.Radlov, S.Malova, N.Batmanov, macar alimi D.Nemet və başqaları məşğul olmuşdur. Türk runi kitabələrinin külliyatını türk alimi X.Orkin ilk dəfə tərtib etmişdir. Suriya-türk kitabələrinin tədqiqi ilə rus alimi D.Xvolsov, bulqar və tatar kitabələri ilə Q. Yusupov və S.Malov məşğul olmuşlar.[1]
Azərbaycandakı türk kitabələri
redaktəRuni və ya Orxon-Yenisey əlifbası tipli əlifbanın Azərbaycanda tətbiq edilib edilməməsi məsələsi indiyədək mübahisəli olaraq qalmaqdadır. Tarixi faktlar göstərir ki, VI-VII əsrlərdə Qafqaz Albaniyası Dərbənd divarlarından şimalda yerləşmiş Xəzər xaqanlığından asılı vəziyyətdə idi. Xəzərlərdə bu əlifbadan geniş istifadə edilirdi. Həmin dövrdən qalmış runi yazılı matra, su qabları və digər arxeoloji artefaktlarda yazılar vardır. Bu əşyaların əksəriyyəti Novoçerkassk muzeyində saxlanılır. Həmin dövrlərdə Orta Asiyadan köçüb gəlmiş bəzi türk qəbilələri də runi əlifbasından istifadə edirdilər. Sözsüz ki, onların təsiri yerli əhalinin yazı mədəniyyətinə də olmuşdu. Hələ 1920-ci ildə Ə.Haqverdiyev "Böyük islahat" adlı məqaləsində qeyd edirdi ki, runi əlifbanı bütün türk xalqları öz doğma əlifbası hesab etmişlər. Azərbaycan alimlərindən F.Cəlilov, B.Tuncay, Ə.Hüseynli, Ə.Fərzəli və bəzi alimlər bu sahədə tədqiqtlar aparmışlar və bəziləri araşdırmalarını davam etdirirlər. Ümumi elmi nəticə bundan ibarətdir ki, müasir və tarixi Azərbaycanın avtoxton əhalisi runi əlifbasının ən qədim nümunələrini hələ mezolit-tunc dövründə Gəmiqaya-Qobustan yazılı daşlarında gələcək nəsillərə yadigar olaraq çatdırmışlar. Bunlar elmdə Qobustan-Gəmiqaya əlifbası kimi də mülahizə şəklində vardır.[1]