Tehlukesizlik Dilemmasi - Wikipedia
Təhlükəsizlik dilemması (ingiliscə: security dilemma) – beynəlxalq münasibətlərdə xüsusi termin olub, iki və ya daha çox dövlət arasında bir-birinə nəzərən daha çox təhlükəsizliyə nail olmaq məqsədilə başlayan, lakin sonda hərbi münaqişə və ya daha çox təhlükəsizliyə gətirib çıxaran rəqabəti ifadə edən paradoksa deyilir. Təhlükəsizlik dilemması beynəlxalq arenadakı anarxiyadan yaranır, çünki dövlətlər bir-birlərinin davranışlarının hansı mənaya gəldiyini — müdafiə və ya hücum meyilli olduğunu başa düşməkdə çətinlik çəkir. Anarxiya xarakterli beynəlxalq sistemdə hər bir səhvin dövlət suverenliyinin itirilməsi ilə nəticələnmə ehtimalına görə də dövlətlər digər dövlətlərə qarşı öz hərbi güclərini artırmağa çalışırlar. Məsələn, A ölkəsi öz təhlükəsizliyini artırmaq məqsədilə yeni silahlar əldə edir, lakin sistemin anarxikliyindən qaynaqlanan şəraitə görə B dövləti A dövlətinin silahları müdafiə, yoxsa hücum məqsədilə əldə etdiyini anlamaqda çətinlik çəkir və hər ehtimala qarşı B dövləti də A dövlətinin edə biləcəyi hər hansı bir hərəkətdə qorunmasız vəziyyətdə qalmamaq üçün silahlar əldə edir. B dövlətinin silahlandığını görən A dövləti də bunun özünə qarşı hazırlanmış təhlükləli addım olmasından qorxaraq daha da silahlanıb B dövlətinə qarşı gələ biləcək səviyyəyə çatmaq istəyir və beləcə qarşılıqlı silahlanma davam edir. Nəticədə hər iki dövlət ilk başda hər kəsin silahsız olduğu zamandan bəri daha təhlükəsiz şəraitlə baş başa qalırlar və bu, təhlükəsizlik dilemması adlanır. Bu termin ilk dəfə Con Herts tərəfindən 1951-ci ildə onun "Siyasi realizm və siyasi idealizm" kitabında elmi dövriyyəyə gətirilmişdir. Eyni zamanda həmin ildə britaniyalı tarixçi Herbert Batterfild özünün "Tarix və insan şəraiti" kitabında oxşar konsepsiyanı izah etmiş, lakin ona spesifik ad verməmişdir.[1]
Müdafiə meyilli realizm
redaktəTəhlükəsizlik dilemması müdafiə meyilli realizmin əsas xüsusiyyətlərindən biridir. Kennet Uoltza görə vahid dünya dövləti olmadığına və sistemin anarxik olmasına görə həyatda qalmaq dövlətlərin əsas hərəkət motivasiyasıdır. Dövlətlər bir-birlərinə güvənmədiyindən öz güclərini artırmağa çalışırlar və buna görə də təhlükəsizlik dilemması kimi situasiyalar ortaya çıxır.[2] Müdafiə meyilli realizmin hücum-müdafiə nəzəriyyəsi təhlükəsizlik dilemmasından ortaya çıxan təhlükənin miqyasını izah edə biləcək bir nəzəriyyədir. Müdafiə meyilli realistlər iddia edir ki, bəzi zamanlarda dövlətlər təhlükəsizlik dilemmasından qaça bilərlər.
Hücum meyilli realizm
redaktəHücum meyilli və müdafiə meyilli realizmlər hər ikisi struktural realizmin bölmələridir. Onlar sağ qalmaq, dövləti beynəlxalq arenanın əsas oyunçusu olaraq görmək, özünə kömək və anarxiya prinsiplərinə inanırlar.[3] Lakin müdafiə meyilli realizmin əksinə, hücum meyilli realizm dövlətləri təhlükəsizlik artıran yox, güc artıran oyunçular olaraq qəbul edir. Con Mirşaymerə görə "Digər dövlətlərin niyyətləri haqqında əmin olmamaq qaçınılmazdır, bu o deməkdir ki, dövlətlər heç bir zaman digər dövlətlərin hücum meyilli qabiliyyətləri ilə hücum niyyətlərinin olmayacağından əmin ola bilməyəcəklər".[4]
Mənbələr
redaktə- ↑ Roe, P. (1999). The Intrastate Security Dilemma: Ethnic Conflict as a 'Tragedy'? Journal of Peace Research, 36, 183–202
- ↑ Baylis, J. and Smith, S. The Globalization of World Politics: An Introduction to International Relations. Oxford University Press, 2005, 3rd ed.
- ↑ Baylis, J. and Smith, S. The Globalization of World Politics: An Introduction to International Relations. Oxford University Press 2005 3rd ed.
- ↑ Mearsheimer, J. J. The Tragedy of Great Power Politics. New York: Norton, "Anarchy and the Struggle for Power", Chapter 2