Traseka - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir.
Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir.
TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.
Məqsədləri
redaktəAvropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir:
- Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
- TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi.
- Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin geniş istifadəsi.
- Avropa-Qafqaz-Asiya "TRASEKA" Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsi.
Tərəfdaş ölkələrin rəhbərləri Avropa ilə alternativ nəqliyyat bağlantısı kimi TRASEKA marşrutunun strateji əhəmiyyətə malik olduğunu hesab edirlər. TRASEKA mövcud şimal marşrutu və yeni alternativ cənub marşrutları arasında rəqabəti stimullaşdırır. Bundan başqa, Uzaq Şərqlə yenidən qurulmuş ticarət mübadiləsini tamamlayaraq, TRASEKA qədim İpək Yolunun bir daha ən iri ticarət dəhlizinə çevrilməsinə şərait yaradır.
İştirakçı ölkələrə təsiri
redaktəTRASEKA proqramının tətbiqi hökumətlər arasında daha sıx əməkdaşlıq və dialoqla nəticələnmişdir. Bu da tranzit ödənişlərin rəqabətli səviyyədə saxlanılması razılığına və sərhəddən keçmənin rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsinə gətirib çıxardı. TRASEKA dəhlizi boyu iritonnajlı yüklərin nəql edilməsi haqda da razılaşmalar əldə olunmuşdur. Onun Mərkəzi Asiyanın dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli və ən ucuz marşrut olduğu təsdiq edilir.
TRASEKA proqramı üzrə Texniki Yardım Avropa Yenidənqurma və Bərpa Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarından böyük məbləğdə sərmayə qoyuluşunun cəlb edilməsinə kömək etmişdir. Bu təşkilatlar TRASEKA dəhlizi boyu limanlar, dəmir yolları və avtomobil yolları üzrə əsaslı layihələrin maliyyələşdirilməsi üçün 1,7 milyard avrodan çox vəsait ayırmışlar. Bundan əlavə, Avropa İttifaqının özəl sərmayəçiləri Qafqaz və Mərkəzi Asiya nəqliyyat şirkətləri ilə birgə müəssisələrdə iştirak edirlər. Regional əməkdaşlığı genişləndirmək və iqtisadi sabitliyi möhkəmləndirmək üçün Avropa İttifaqı Cənubi Çevrədə Hava Marşrutları layihəsi və Neft və Qaz Kəmərləri layihəsi (İNOQEYT) kimi digər layihələri də dəstəkləyir.
Nəqliyyat dəhlizi olmaqla inteqrasiyaya doğru əhəmiyyətli tədbir kimi TRASEKA-nın inkişaf dinamikası bu gün həmişəkindən daha güclüdür. Tərəfdaş ölkələr TRASEKA-nı milli nəqliyyat sistemlərinin dünyanın digər ölkələri ilə inteqrasiya üçün əhəmiyyətli sayıllar. Mərkəzi Asiyadan başlayaraq, Qafqazdan keçərək, Qara Dənizə istiqamətlənmiş və regionu Trans-Avropa Şəbəkələri və dünyanın digər nöqtələrilə birləşdirən Şərq-Qərb dəhlizi böyük həcmdə yük daşımalarını təmin edən reallıqdır. Regional nəqliyyat hüquqi bazasının Avropa və beynəlxalq normalara inteqrasiyası və uyğunlaşdırılması davamlı bir prosesdir. Avropa və digər beynəlxalq agentliklər malların hərəkətində süni maneələrin azaldılması üçün TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərirlər. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası öz missiyalarını yerinə yetirmək və iş təcrübələrini tətbiq etmək baxımından TRASEKA layihələrində iştirak edirlər.
TRASEKA proqramının regiona olan təsiri aşağıdakılarda özunu büruzə verir: regional konfranslar və seminarların keçirilməsi, Beynəlxalq Maliyyə Təşkilatları ilə sıx əməkdaşlığın qurulması, məsləhətçi xidmətlərin göstərilməsi, birbaşa investisiya layihələrinin həyata keçirilməsi, Qafqazda kommersiya ixracatçıları tərəfindən dəhlizin getdikcə artan istifadəsi.