Tahire Qurretuleyn - Wikipedia
Tahirə Qürrətüleyn (təq. 1817[1][2][…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852[3], Tehran, Qacar dövləti) — Azərbaycanlı şairə[4], babilər hərəkatının iştirakçısı.
Tahirə Qürrətüleyn | |
---|---|
Doğum tarixi | təq. 1817[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1852[3] |
Vəfat yeri | |
Atası | Məhəmmədsaleh Bərəğani |
Fəaliyyəti | şair, ilahiyyatçı, qadın hüquqları fəalı[d], yazıçı, müəllimə |
Əsərlərinin dili | ərəb dili |
Tahirə Qürrətüleyn Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır.
Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib.
Fəaliyyəti
redaktəSeyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir. Tahirə xanım Seyid Əli Məhəmməd Babın gətirdiyi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk müsəlman qadını idi[5].
Qürrətüleyn İrana varid olduğu zaman Qəzvinədək yolüstü olan şəhərlərdə insanlarla yeni məzhəb təbliğ edirdi və ona görə də adı dildə-ağızda dolaşırdı. Qəzvinə çatdıqda onunla ailəsi arasında, xüsusən də, əri və qaynatası arasında kəskin ziddiyyət və mübahisə yarandı. Molla Tağı və oğlu Məhəmməd əvvəllər yalnız Şeyx Əhsaninin və onların ardıcıllarının əleyhinə idilər. İndi onlar Babiliyə qarşı qalxdılar. Sonda Molla Məhəmməd Tağı Şeyx Əhsainin fikirlərini təhqir etdiyinə görə Ağa Hadi adlı şəxs tərəfindən öldürüldü, 1847-ci ildə baş vermiş bu hadisədən sonra vəziyyət daha da gərginləşdi". Qürrətüleyn bu qətldən sonra şübhəli şəxs qismində həbs olunur, bir müddət Qəzvinin hökumət idarəsində saxlanılır.
Burada onun həyatı təhlükə altında olduğundan Ağa Hadi vasitəsilə Tehrana qaçırıldı. O, bir müddət Tehranda qaldıqdan sonra bütün babilərlə və ona sadiq olanlarla birlikdə Xorasan istiqamətində yola düşdü və Şahruxdan 7 km şərqdə yerləşən Bədəşt kəndinə gəldi. Qürrətüleyn burada çadrasız minbərə çıxaraq nitq söylədi. Burada Hacı Məhəmmədəli Qüddus və Mirzə Hüseyn Əli Bəhaullah daxil olur, 81 nəfər babi arasında müzakirə, mübahisə və mülahizələr on gün davam edir. Babilər üç dəstəyə ayrıldılar.
Bir dəstə Qürrətüleynin ətrafında cəmləşdi, digər dəstə Qüddusun tərəfində oldu. Üçüncü dəstə isə bu parçalanmanı görüb babilikdən uzaqlaşdı. İki dəstəyə ayrılmış babilərə ayrı-ayrılıqda Qürrətüleyn və Qüddus rəhbərlik edirdi. Onların arasında yaranmış söz-söhbət sazişə gəlməklə əvəz edildi və tərəfdarları ilə kəcavələrə əyləşərək Mazandarana yola düşdülər. Babilər Niyalaya yetişdikdə həmin yerin əhalisindən 500 nəfəri qarət məqsədilə onlara hücum etdi. Qürrətüleyn öz tərəfdarları ilə Mazandaranın kənd və qəsəbələrinə gedərək babiliyin təbliği ilə məşğul oldu. Onun qohumları və düşmən qüvvələr Qürrətüleyni öldürmək üçün axtarırdılar. Ona görə də əlacsız qalıb Şeyx Əbu Turab İştehardi ilə birlikdə Babilə getdi. Burada mollalar istədilər ki, ona əziyyət versinlər, camaatla görüşməyə qoymadılar. O, Nura tərəf yola düşdü və bura çatdıqdan sonra çox keçmədi ki, babilərin Təbərsi qalasında yığışaraq böyük dövlət qüvvələrinə qarşı vuruşduqlarını eşitdi. Qürrətüleyn Nurdan Babilə qayıtdı ki, Təbərsi qalasında babilərlə birləşsin. O, qalanın bütünlüklə dövlət qoşunları tərəfindən mühasirəyə alındığını gördü. Dövlət məmurları Qürrətüleyni tanıdıqları üçün tutub mühafizə dəstəsilə Tehrana göndərdilər. Tehranda onu və bütün babiləri şəhər polisi Mahmud xanın evində həbs etdilər. Burada onları evin yuxarı mərtəbələrində saxlayırdılar ki, xariclə əlaqə yaratmasınlar. Onlar bu vəziyyətdə 5 il (1848–1852) həbsdə qaldılar[6].
1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsd edildi və bunun babilər tərəfindən baş verdiyi məlum olduqda, onları zindandan çıxarıb baş nazir Mirzə Ağa xan Nurinin yanına aparmaq bəhanəsilə atlara mindirdilər. İndi Tehranın İran Milli Bankı yerləşən məhəllədəki məşhur Elxani bağına apararaq, orada boğub bir quyuya atdılar. Quyunu torpaqla doldurdular.
Qürrətüleynin öz əmisi oğlu olan ərindən üç övladı var idi. İki oğlu şeyx İbrahim və şeyx İsmayıl molla təhsili görmüş və hər üç övlad analarının əqidəsinə zidd tərbiyə almışdılar. Qürrətüleyn o dövrün tələblərinə zidd olaraq minbərə çadrasız çıxır, atəşli nitqlər söyləyirdi. O, qadın azadlığı, onun hüququ, qadının kişilərlə bərabər hüquqlu olması tələbilə çıxış edirdi.
Müsəlmanlar, əvvəllər şeyxiyyə təriqətini qəbul etmiş insanlar babilərin qanunlarını, xüsusilə, insanların hüquq bərabərliyi məsələsini qəbul etmirdi. Xüsusilə üsuliyyə və şeyxiyyə təriqətindən olan mollalar onların qanunlarına mənfi münasibətdə idilər və babilərin fikirlərini qeyri-adi bir hal hesab edirdilər".
Eduard Braun "İnqilabi-İran" kitabında "gözəl Qürrətüleynin saysız-hesabsız işgəncələrə dözümlülüyün"dən danışır. Qadın azadlığının carçılarından olan Tahirə Qürrətüleynin şəxsiyyətini Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər yüksək qiymətləndirmişdilər. Doğma Azərbaycan türkcəsini mükəmməl bilsə də, şairə əsərlərini fars dilində yazmışdır[7].
Bakı meydanlarının birində ucaldılmış çadrasını atan "Azad qadın" heykəli Azərbaycan bəhailəri üçün Tahirə Qürrətüleyn və Zeynəbin daşa dönmüş arzuları idi.
İstinadlar
redaktə- ↑ 1 2 Fisher M. P. Women in Religion. Longman Publishing Group, 2006. ISBN 978-0-321-19481-7
- ↑ 1 2 Ma'ani B. R. Leaves of the Twin Divine Trees. 2008. ISBN 978-0-85398-533-4
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.56.
- ↑ Ə. Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik" nəşriyyatı, 1991; Ə. Cəfərzadə "Zərintac Tahirə", Bakı, Göytürk, 1996
- ↑ Zərrintac-Tahirə [ölü keçid]
- ↑ "Tahirə Qürrətüleyn". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.