Tayko Hirabayasi - Wikipedia
Tayko Hirabayaşi (yap. 平林 たい子; 3 oktyabr 1905, Suva[d], Naqano prefekturası – 17 fevral 1972) – Yaponiya hekayə yazarı. Həyatının böyük qismini Tokioda keçirib. Müharibədən öncə fəaliyyət göstərən proletarian yazıçılardan biri olan Hirabayaşi müharibə dövründə siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşsə də, müharibədən sonra tanınmış yazıçılardan birinə çevrilmişdir.
Tayko Hirabayaşi | |
---|---|
yap. 平林たい子 | |
Doğum tarixi | 3 oktyabr 1905 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 fevral 1972 (66 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | yazıçı, romançı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə3 oktyabr 1905-ci ildə Naqano prefekturasının Suva şəhərində anadan olmuşdur. Mərkəzi Yaponiyada kiçik bir qəsəbədə böyüyən Hirabayaşi valideynləri tərəfindən dəstək görməsə də, Qərb ədəbiyyatına böyük maraq göstərib. Yaponiyada çox oxunan fransız və rus ədiblərin əsərlərini mütaliə edib. Xüsusilə, Dostoyevski onun yaradıcılığına böyük təsir göstərib.[1] Digər tanınmış qadın yazıçı Fumiko Hayaşi ilə yaxın dost olub.[2]
1972-ci ildə pnevmoniyadan vəfat edib.[3]
Yaradıcılığı
redaktəYoxsulluq və azadlıq məsələləri ilə məşğul olmağa və "Kapital" əsərini oxuduqdan sonra solçu inqilabçı qruplaşmalara qoşulub. Tokioya köçərək burada bir neçə anarxist və solçu kişi ilə uğursuz sevgi münasibətləri yaşayıb. İlk sevgilisi ilə bir neçə yerə səyahət edən Hirabaşayi ən sonda işğal edilmiş Mancuriyaya gəlib. Burada dostu imperatoru tənqid etdiyinə görə həbs olunub, özü isə yeganə uşağını dünyaya gətirib və itirib. 1924-cü ildə Mancuriyadan tək qayıdaraq təcrübələri əsasında 1927-ci ildə "İstehza" əsərini yazıb.[2]
1925-ci ildə Hirayabaşi "Bungei Sensen" jurnalı üçün yazmağa başlayıb və jurnal üçün 1927-ci ildə yazdığı "Xeyriyyə xəstəxanasında" hekayəsinə görə mükafat qazanıb. Bu əsəri də Mancuriyadakı təcrübələrinə əsaslanıb. Bu dövrdə Proletarian İncəsənət Assosiasiyasına üzv olub və işçi sinfi aktivisti Cinci Kobori ilə evlənib, lakin evliliyi uğurlu olmayıb və Koborinin başqa bir qadından uşağının olduğu məlum olub.[2]
1927-ci il Hirabayaşinin yaradıcılığında məhsuldar il olub. "İstehza" əsərinə görə Yeni Yazıçı Mükafatına layiq görülüb və sosialist doqmaya qarşı olan inamsızlığını ifadə etdiyi "Müxalifət üzvlərinin gündəliyi" əsərini yazıb. 1931-ci ildə yazdığı "Kədərli sevgi" əsərində isə sevgi və sinif mübarizəsinin dilemmasını araşdıraraq insan hisləri ilə siyasi ideologiya arasındakı münaqişənin çətinliyini təqdim edib.[2]
1930-cu illərdə Hirabayaşi həyatının ən qaranlıq dövrünə daxil olub və bu dövr İkinci dünya müharibəsinin sonuna kimi davam edib. Hərbi sistem tərəfindən həbs olunan və dəfələrlə sorğulanan yazıçı vərəmə yoluxub və 8 il müddətində yataq xəstəsi olub. Bu dövrdə Hirabayaşi səsiz qalmağa məcbur olub və hökumət üçün qəbuledilməz əsərlər yayımlaya bilməyib. İkinci dünya müharibəsindən sonra karyerasına davam edib və 1946-cı ildə "Bunun kimi qadın" əsərini yazaraq Qadınların Ədəbi Mükafatını qazanıb. Bu, onun müharibədən sonrakı ən görkəmli işlərindən biri hesab olunur.[3]
Daha sonra "Sekai Bunka" jurnalının mart buraxılışı üçün "Kor çinli əsgərlər" hekayəsini yayımlayıb. Hekayə Yaponiyanın müharibə dövründəki dəhşətli fəaliyyətli haqqındadır. 1950-ci ildə nəşr olunan "İnsanın həyatı" əsərində Dostoyevskivari atmosfer yaradıb. 1957-ci ildə "Səhra çiçəyi" adlı avtobioqrafik romanında həyatında yaşadığı çətinliklər, azadlıq, ədalət və müstəqillik üçün verdiyi mübarizədən bəhs edib.[3]
Əsərləri
redaktə- İstehza (1927)
- Xeyriyyə xəstəxanasında (1927)
- Kədərli sevgi (1931)
- Bunun kimi qadın (1946)
- Uşaqların ilahəsi (1946)
- Mən yaşayıram (1947)
- İnsanın həyatı (1950)
- Kor çinli əsgərlər (1956)
- Səhra çiçəyi (1957)
- Qara dövr (1962)
- Ana adlı qadın (1966)
- Sirr (1967)
İstinadlar
redaktə- ↑ Lewell, 1993. səh. 109
- ↑ 1 2 3 4 Lewell, 1993. səh. 110
- ↑ 1 2 3 Lewell, 1993. səh. 111
Ədəbiyyat
redaktə- Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 73–79. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 16 fevral 2021.