Torpaq Neft Ile Zengindir - Wikipedia
Torpaq neft ilə zəngindir — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1976-cı ildə tamamlanmış rəsm əsəri. Əsər YARAT Müasir İncəsənət Məkanının kolleksiyasında saxlanılır.
Torpaq neft ilə zəngindir | ||
---|---|---|
| ||
Rəssam | Rasim Babayev | |
Texnikası | yağlı boya ilə kətan | |
Saxlanıldığı yer | YARAT Müasir İncəsənət Məkanı |
Torpaq neft ilə zəngindir adlı əsər abstrakt ekspressionizm üslubunda, qətiyyətli fırça hərəkətləri və qalın boya qatları ilə işlənib. Əsər, rəssam yaradıcılığının tünd boyalarla işlədiyi dövrə təsadüf edir və totalitarizmin bütün nöqsanlarının lənətlənməsinə istiqamətlənir.[1]
Tarixi
redaktəRasim Babayev müstəqil yaradıcılığına qrafik –rəssam kimi başlamışdır. Onun ilk linoqravürləri sənaye mənzərələrini, neft çənlərini, neft boruları ilə “cızılmış” və susuzluqdan çat-çat olmuş torpağı əks etdirirlər. Rəssam “neft və əmək poeziyasının” əvəzinə - torpağın ağrısını, ona yad olan insan fəaliyyətinin nəticələrini qabardır.[2]
Tədricən bu səpgili əsərlərdə rəssamın simpatiyası insan qüdrətinin tərənnümünə deyil, onun təbiət qüvvələri, torpaq, kainat, qarşısında acizliyinin vurğulanmasına yönəlir. Rəssam neft emalı ilə bağlı insan fəaliyyətinin nəticələrini poetik, bəzədilmiş şəkildə deyil, “sərt həqiqət” kimi təsbit edir. Rəssamın təsviri incəsənətə belə yanaşması onun sonrakı boyakarlıq əsərlərində də davam edir. Onun “Neftin doldurulması” (1960), “Qaradağ” (1960) əsərləri rəssamın erkən yaradıcılığını əks etdirirlər. İlk işlərində rəssam belə sənaye mənzərələrini insansız təsvir edir. Onlarda yalnız ulu torpaq və insan fəaliyyətinin qarşı-qarşıya qoyulması obrazın əsasını təşkil edir. Bu baxımdan, "Torpaq neft ilə zəngindir" tablosu olduqca xarakterikdir.[2]
Sənətşünas Ziyadxan Əliyev rəssam haqqında yazdığı məqalədə qeyd edir ki, doğma torpağa sıx bağlı olan rəssam, yurdun insana qürurverici hisslər bəxş edən motivləri ilə yanaşı, onun təzadlı yaşantılarına sevgisini və gördüklərinə biganə qalmadığını müxtəlif tutumlu əsərlərində sərgiləyə bilmişdir.[3]
Təsiri
redaktəRəssam Aida Mahmudova Rasim Babayevin "Torpaq neft ilə zəngindir" əsərindən ilhamlanaraq "Adsız" kompozisiya yaratmışdır. Əsasən, tənzif parçasından hazırlanmış onun bu əsər fərdi mübarizənin elə cismani ifadəsidir ki, nəhəng nisbi ölçüsünə görə yerləşdiyi məkanı doldurması vasitəsilə seyrçilərlə paylaşmış olur.[4]
İstinadlar
redaktə- ↑ "YARAT MƏRKƏZİ: MÜQAVİMƏT HAQQINDA 300 SÖZ QRUP SƏRGİSİ - YARAT". www.yarat.az. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
- ↑ 1 2 Ibrahimov, Telman. "Rasim Babayev yaradıcılığı "Xeyir və Şər" etik kateqoriyaların bədii təcəssümü kimi". 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
- ↑ Şıxəliyeva, Səbinə. "Xalq ənənələri dünyasının rəssamı". medeniyyet.az (ingilis). 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
- ↑ "Müqavimət haqqında 300 söz". www.anl.az. Mədəniyyət qəzeti. 2016.- 15 iyun. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.