Turqut Ozal - Wikipedia
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[1][2][…], Malatya – 17 aprel 1993[1][2][…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır.
Turqut Özal | |
---|---|
türk. Turgut Özal | |
9 noyabr 1989 – 17 aprel 1993 | |
Baş nazir | Yıldırım Akbulut Məsud Yılmaz Süleyman Dəmirəl |
Əvvəlki | Kənan Evrən |
Sonrakı | Süleyman Dəmirəl |
13 dekabr 1983 – 31 oktyabr 1989 | |
Əvvəlki | Bülənt Ulusu |
Sonrakı | Yıldırım Akbulut |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 oktyabr 1927[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1993[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mühəndis |
Həyat yoldaşı | |
Uşağı | 3 |
Dini | islam, sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur.
Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
Turqut Özal ailəsinin istəyi ilə evləndiyi Ayxan İnalla 1952-ci ildə qısa müddətli bir evlilik yaşayır. Bu evlilikdən sonra işlədiyi Elektrik İşləri Etüd İdarəsində katibə vəzifəsində xidmət edən Səmra Yeyinmenlə evlənir. Bu evlilikdən sonra Əhməd, Zeynəb və Efe adında üç övladı dünyaya gəlir. Evləndikdən sonra Amerikanın Teksas Texniki Universitetində İqtisadiyyat təhsili alır.
Geri qayıtdıqdan sonra, Elektrik İşləri Etüd İdarəsi baş direktorunun köməkçisi oldu və Türkiyədə elektrifikasiya üzrə layihələrdə işlədi. 1959-cu ildə Planlaşdırma Komissiyasında katib vəzifəsində çalışdıqdan sonra 1959-cu ildə Ankara Ordonat məktəbində fəaliyyətinə davam etdi. 27 May Çevrilişindən sonra əsgərliyə çağırıldı. Onunla birgə əsgərliyə gedənlər arasında 33 il sonra doqquzuncu prezident seçiləcək olan Süleyman Dəmirəl də vardı.
Əsgərlikdən sonra Dövlət Planlaşdırma Təşkilatının quruluşunda xidmət edən Özal, daha sonra Ortadoğu Texniki Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul olub. 1965 seçimlərindən sonra Süleyman Dəmirəlin müşaviri olaraq xidmət etdi. Bir müddət Nazirlər kabinetinin Texniki Mütəxəssislər şöbəsinin üzvü olan Turqut 1967–1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. 1972–1973-cü illərdə Dünya Bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb. 1979-cu ilin sonlarına doğru Baş nazirin müşaviri vəzifəsinə təyin olunan Turqut eyni zamanda Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini də vəkalətən icra edib.
1980-ci il 12 iyulda baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu baş naziri kimi hökuməti qurmaqla vəzifələndirilib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək baş nazir kimi fəaliyyət göstərib.
Baş nazirliyi dövrü
redaktə20 may 1983-cü ildə Ana Vətən Partiyasını quran Özal 6 noyabr 1983-cü ildəki seçimlərdə 400 nəfərdən ibarət parlamentdə 211 millət vəkilinin onun partiyasından seçilməsi ilə tək başına iqtidar və 45-ci Hökumətin Baş Naziri oldu. 1984-cü il seçkilərindən də uğurla çıxan Özal, 13 aprel 1985-ci ildə keçirilən konqresdə bir daha seçildi.
1987-ci ildə keçirilən seçimlərdə də 292 millət vəkili Ana Vətən Partiyasından seçildi və üstünlüyü bir daha ələ alan Özal 46-cı Hökumətin Baş Naziri oldu. İqtidarda olduğu 1983–1991-ci illər ərzində Türkiyə iqtisadiyyatı təqribən illik yüzdə 5,2 dəfə böyümüşdür.
Turqut Özal 18 iyun 1988-ci ildə Ankara Atatürk İdman Salonunda Ana Vətən Partiyasının 2-ci Konqresinin təşkil edildiyi zaman Qartal Dəmirdağ adlı bir şəxs tərəfindən edilən sui-qəsddən yaralı olaraq xilas oldu. Müxbirlər və televiziya kameraları üçün hazırlanmış platformun qabağıdan və Özala 12 metr aralıdan saat 12:15-də iki dəfə atəş açan Dəmirdağ Turqut Özalı sağ əlindən yaralamışdır. Hücumdan sonra ətrafa atəş açan mühafizəçilər isə 18 nəfərin yaralanmasına səbəb olmuşdur. Nazir İmren Aykut da yaralananlar arasında idi.
Əvvəlcə ölüm cəzasına məhkum edilən, daha sonra cəzası iyirmi ilə endirilən Qartal Dəmirdağı prezidentliyi dövründə əfv etmişdir. Barzaniye beynəlxalq aləmdə rahat səyahət edə bilməsi üçün türk pasportu vermişdir. İllər sonra Barzani bu pasportu 2003-cü ildə Türkiyəyə geri qaytarmışdır.
Körfəz müharibəsi və Özal
redaktəTurqut Özalın baş nazirliyi müddətində baş vermiş ən vacib hadisə Birinci Körfəz Müharibəsidir. Bu hadisədə o, çox vacib bir rol oynamışdır. Petrol qaynaqlarının nəzarətini əlində tutan Səddam Hüseynin Türkiyə üçün böyük bir təhlükə təşkil etdiyini düşünərək, Səddamın bölgənin hakimiyyətini əlində tutmasına icazə verilməməsinin tərəfdarı olmuşdur. ABŞ-yə Səddam Hüseynə qarşı mübarizədə açıq dəstək verən Turqut Özalın hərəkata türk ordusunun da qoşulub Mosul və Kərkükə girməsini istəməsiylə, o dövrün Baş Qərargah Rəisi Necip Torumtay səlahiyyəti müddəti bitmədən 3 dekabr 1990-cı il tarixində öz istəyi ilə təqaüdə çıxmış və bunun səbəbi olaraq Birinci Körfəz Müharibəsində hökumətin mövqeyinə etiraz etdiyini irəli sürmüşdür.
Prezident seçilməsi
redaktəÖzal 1989-cu ildə prezident seçkilərinə namizəd oldu. Sosialdemokrat Xalqçı Partiya və Doğru Yol Partiyası məclisə girməyərək seçimi boykot etdi. İlk mərhələdə Turqut Özal 247, ANAP Burdur millət vəkili Fərhi Çelikbaş 17 səs aldı. 17 nəfər tərəfsiz qaldı və 3 səs etibarsız sayıldı. İkinci mərhələdə 284 millət vəkilinin iştirak etdiyi səsvermədə namizədlərdən baş nazir Turqut Özal 265 səs aldığı halda, Çelikbaş 17 səs aldı. 2 səs etibarsız sayılarkən 9 nəfər tərəfsiz qaldı. 31 oktyabr 1989-cu il tarixində yenə müxalifətin iştirak etmədiyi 3-cü mərhələdə Turqut Özal 263 səs alaraq Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti oldu və 9 noyabr 1989-cu il tarixində rəsmi olaraq vəzifəsinin icrasına başladı.
Ölümü
redaktəTurqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türkistan səyahətindən sonra vəfat etmişdir. Özalın dəfn mərasiminə Türkiyənin dörd bir yanından yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya endirilmişdir. Dövrün Amerika Birləşmiş Ştatları Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə olaraq dəfn mərasimində iştirak etməmişdir. Vəsiyyətinə əsasən, keçmiş baş nazir Adnan Menderesin də qəbrinin yerləşdiyi Topqapıda dəfn edilmişdir.
Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə edilir. Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsinin ABŞ-də yoxlatdırdığını bildirir. 2 oktyabr 2012-ci il tarixində Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri 19 ildən sonra açılmış və ölümünün bir sui-qəsd olub olmadığının müəyyən edilməsi üçün aparılan araşdırmalar nəticəsində bədəndə zəhərin tapıldığı, lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olmadığı bildirilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Turgut Ozal // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Turgut Özal // Brockhauz Ensiklopediyası (alm.).
Mənbə
redaktə- Türkistan qəzeti. 20 aprel 2008-ci il. № 13(91)
- Uğur, Fatih. "Büyük Türkiye Cumhuriyeti’ni kuracaktı". 22 yanvar 2012.