Vahid Bolunmez Rusiya Problemi - Wikipedia
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem.
Arxa plan
redaktəRusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi:
Müttəfiqlər Rusiyanı bərpa etmədən evə dönə bilməzlər. Biz Rusiyanı bərpa etməli və ona dünyada əvvəllər tutduğu mövqeni geri qaytarmalıyıq. |
Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı.
"Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Valter Çandler Əlimərdan bəy Topçubaşova məktubunda açıq-aşkar bildirirdi ki, çar generalları uduzmamış respublikanın tanınma prosesi başlamayacaqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində "Vahid, bölünməz Rusiya" problemi
redaktəOmsk hökümətinin Antanta Ali Şurası tərəfindən tanınması
redaktəDenikin təhlükəsi və Kolçakın fəallaşması ilə müşayiət olunan "Bölünməz Rusiya" ideyası getdikcə müttəfiqlərin siyasətinə sirayət edir və müxtəlif rəng çalarlarında zühur edən rus qüvvələri Versal iclaslarının diplomatik dəstəyini və siyasi etimadını qazanmağa can atırdılar. Mətbuat materiallarından İyunun əvvəllərindən məlum oldu ki, Antanta dövlətlərinin başçıları Yaponiya baş naziri ilə birlikdə may ayının 26-da admiral A.Kolçaka Nota ilə müraciət edib Omsk hökumətini bütün Rusiya hökuməti kimi tanıdıqlarını bildiriblər. Müttəfiqlərin belə mövqeyi 1919-cu ilin yazında admiral Kolçakın Sovet hökumətinə qarşı hərbi uğurları ilə bağlı idi. Parisə toplanmış dövlət başçılarının çoxu Kolçakın, Denikinin və digər ağqvardiyaçı generalların tezliklə qələbə çalacağına, Sovet hakimiyyətinə son qoyacaqlarına ümid bəsləyirdilər. Ona görə də may ayının 20-dən başlayaraq, Dördlər Şurasının iclaslarında Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. Mayın 20-də Dördlər Şurasının iclasında Vudro Vilson təklif etdi ki, müxtəlif rus qruplaşmalarına yeni müraciət göndərsinlər. Müraciətin mətninin hazırlanması ingilis nümayəndə heyətinin üzvü Filipp Кerrə tapşırıldı. May ayının 23-də Dördlər Şurası iki dəfə "rus məsələsini" müzakirə etdi. Səhər iclasında qısa fikir mübadiləsi edildi və J.Klemanso bildirdi ki, Yaponiya hökuməti Omsk hökumətini tanımaq barədə müttəfiqlərə müraciət etmək istəyir. Lakin onun fikrincə, müttəfiqlər bu məsələdə təşəbbüsü Yaponiyaya verməməli idilər. İclasda qərara alındı ki, Omsk hökuməti ümumrusiya hökuməti kimi tanınsın. Günorta iclasında F.Kerrin hazırladığı mətn Vilson tərəfindən oxundu və müzakirə edildi. May ayının 26-da bu mətn Klemanso, Lloyd Corc, Orlando, Vilson və Sayondzi tərəfindən imzalanıb nota formasında Kolçaka göndərildi. Notada göstərilirdi ki, bu sənəd müttəfiqlərin və birlik ölkələrinin "rus məsələsində" aydınlıq yaratmaq arzusundan irəli gəlmişdir və onlar Rusiyanın daxili işlərinə müdaxilə etmək fikrindən uzaqdırlar. Müharibə dövründə Rusiyaya ordu göndərilməsini müttəfiqlər Almaniya ilə vuruşmaq və bolşeviklər tərəfindən məhv edilmək təhlükəsi ilə qarşılaşmış Çexoslovakiya korpusunu xilas etmək zərurəti ilə əlaqələndirirdilər. Notada göstərilirdi ki, müttəfiqlər və onlara yaxın olan dövlətlər tezliklə Rusiyada sülhün və əmin-amanlığın bərpa edilməsini arzulayırlar və onlar bu fikirdədirlər ki, rus xalqı qanuni şəkildə seçilmiş Məclisi Müəssisan vasitəsilə öz daxili işlərini qaydaya salacaq, köhnə Rusiyanın hüdudlarında meydana çıxan mübahisəli məsələləri dinc yolla həll edəcək, Millətlər Cəmiyyətinin vasitəçiliyi ilə qonşu dövlətlərlə əlaqələr yaradacaqdır. Müttəfiq dövlətlər Omsk hökumətinə yardım göstərmək üçün bir sıra məsələlərə admiral Kolçakın münasibətini aydınlaşdırmaq istəyirdilər. Həmin məsələlər bunlar idi:[1]
- Moskva alındıqdan sonra Müəssislər Məclisi çağırılmalıdır;
- Şəhər duması, zemstvolar və sonra özünüidarə orqanlarına azad seçkilər keçirilməlidir;
- Admiral Kolçak Rusiyada hər hansı sinfin və zümrənin xüsusi imtiyazını və inqilabın dağıtdığı rejimi bərpa etməyə cəhd göstərməyəcəkdir, bütün rus vətəndaşlarının vətəndaş və dini azadlıqlarına tərəfdar olacaqdır;
- Finlandiyanın və Polşanın müstəqilliyi tanınacaqdır. Rusiya ilə bu ölkələrin sərhədləri və digər məsələləri sazişlər yolu ilə tənzim etmək mümkün olmasa, onda bu məsələlər Millətlər Cəmiyyəti vasitəçiliyi ilə həll ediləcəkdir;
- Əgər tezliklə Rusiya ilə Estoniya, Latviya, Litva, Qafqaz və Zakaspi əraziləri arasında qarşılıqlı münasibətlər xoşluqla həll edilməsə, bu məsələ Millətlər Cəmiyyətinin məsləhəti ilə həll ediləcəkdir. Rus hökuməti de fakto mövcud olan bu ərazilərin muxtariyyətini tanımalıdır;[2]
- Sülh konfransının Bessarabiyanın rumın hissəsinin gələcək taleyini müəyyən etmək hüququnu tanımalıdır;
- Rusiyada demokratik əsasda hökumət yaradılan kimi, Rusiya Millətlər Cəmiyyətinə daxil olacaqdır;
- Admiral Kolçakın rus borcları ilə bağlı 27 noyabr 1918-ci il bəyanatı təsdiq ediləcəkdir.
İyun ayının 4-də admiral Kolçak müttəfiqlərə göndərdiyi cavab məktubunda 26 may notasında irəli sürülən şərtləri qəbul etdiyini bildirirdi. O yazırdı ki, üç Pribaltika, Qafqaz və Zakaspi vilayətlərinə dair mübahisələrin Millətlər Cəmiyyətinə çıxardılması və "milli qrupların" muxtariyyətinin təmin edilməsi mümkündür. İrəli sürülmüş təkliflərə münasibətdə Admiral Kolçakdan qənaətbəxş cavab aldıqdan sonra, iyun ayının 12-də Antanta ölkələrinin Ali Şurası yuxarıda qeyd edilən şərtlər daxilində Omsk hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi.[3] Həmin nota iyun ayının 13-də mətbuatda dərc edildi. Bununla da Parisə öz müstəqilliyini tanıtmaq üçün gəlmiş yeni respublikalar çox ciddi fakt qarşısında qalmış oldular. Beşlər Şurasının dövlət başçıları tərəfindən imzalanmış 12 iyun notası faktiki olaraq, Kolçak hökumətinin Polşa və Finlandiyanı çıxmaq şərti ilə keçmiş Rusiya hüdudlarında tanınması demək idi. Müttəfiq dövlətləri onunla hər cür əlaqəyə girir, öz nümayəndələrini ora göndərir və Omsk hökumətinə hərbi, siyasi, iqtisadi və maliyyə yardımı göstərəcəklərini bildirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin etirazı
redaktəMüttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan nümayəndə heyətinin sədri Ə.M.Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.[4]
Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan nümayəndələrinin iyun ayının 5-də Sülh konfransının sədrinin və Müttəfiq dövlətlərinin Baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı.[5] Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan nümayəndə heyəti bildirirdi:
Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan Rusiyanın hüdudlarına daxil edilməməlidir. |
Digər ölkə nümayəndələrinin etirazları
redaktəLakin Kolçak hökumətinin tanınması yalnız Azərbaycan nümayəndələrini deyil, Parisə gəlmiş yeni dövlətlərin əksəriyyətinin nümayəndələrini narahat edirdi. Ona görə də, yeni yaranmış respublikalar müttəfiqlərə və Sülh konfransının sədrinə etiraz notası hazırlamaq üçün birlikdə bir sıra iclaslar keçirdilər. Qərara alındı ki, Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri adından Bəyannamə imzalansın. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan nümayəndələri adından Ə.Topçubaşov, Estoniya nümayəndələri adından İ.Poska, Gürcüstan nümayəndələri adından N.Çxeidze, Latviya nümayəndələri adından Z.Meerovits, Şimali Qafqaz nümayəndələri adından A.Çermoyev, Belorusiya nümayəndələri adından A.Leşkeviç və Ukrayna nümayəndələri adından Q.Sidorenko imzaladılar. Bəyanatda deyilirdi:[6]
Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna respublikaları bu dövlətlərin xalqlarının azad iradəsinə uyğun olaraq yaradılıb və fəaliyyət göstərir. Bu respublikaların konstitusiyaları hazırlanma mərhələlərindədir və qonşu dövlətlərlə qarşılıqlı münasibətlər orada təsbit ediləcək və ümumi səsvermə əsasında seçilmiş və seçiləcək Müəssislər Məclisində müəyyən ediləcəkdir. Rusiyada hər hansı dövlət hakimiyyətinin qərarları heç bir halda müstəqil dövlətlər olan Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukraynaya aid edilə bilməz. Sənədi imzalayan respublikalar Sülh konfransının qarşısında belə bir xahişlə çıxış edirlər ki, böyük dövlətlər tezliklə onların siyasi müstəqilliyini tanısınlar. |
Azərbaycan Xalq Cümhuriyyətinin III etiraz notası
redaktəParisdə olan Qafqaz nümayəndələri Azərbaycan nümayəndələrinin yerləşdiyi "Klaric" mehmanxanasında iki dəfə — iyunun 15-də və 18-də bu məsələni müzakirə etdi. Birinci iclasda Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələri, ikinci iclasda isə azərbaycanlılar və dağlılar iştirak etdilər. Müzakirələr zamanı hər iki iclasda Kolçakla bərabər Denikinin də Qafqaz respublikaları üçün ciddi təhlükə törətdiyi, Qafqazda Dağlılar respublikası işğal olunana qədərki "status kvo"nun qorunub saxlanmasının zəruriliyi qeyd edildi.[7] Ermənilərin ağqvardiyaçı hökumətlərlə gizli əlaqələri olduğuna görə onlar nə "yeddilərin" Bəуanatına qoşuldular, nə də Qafqaz respublikalarının etiraz notasını imzaladılar. İyun ayının 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları adından yeddi maddədən ibarət olan etiraz notası Sülh konfransının sədrinə göndərildi. Azərbaycan nümayəndə heyətinin başçısının imzaladığı əvvəlki iki sənəddən (5 və 17 iyun) bu notanın fərqi onda idi ki, burada Qafqaz respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz edilirdi. Notada göstərilirdi ki, böyük dövlətlər Qafqaz respublikalarına müstəqil siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu barədə saziş bağlamaq olar. Sənədə imza edən respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər Cəmiyyətinin Rusiya hökumətinin tərkibində bu respublikaların muxtariyyətinin tanınması məsələsinə etiraz edir və Qafqaz dövlətlərinin müstəqilliyinin siyasim cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər. Notada deyilirdi:[8]
Qafqaz respublikaları nümayəndələri müvafiq şəkildə öz hökumətləri adından bildirirlər ki, öz müstəqilliyini elan etmiş Qafqaz xalqları onu böyük qurbanlar bahasına qorumuşlar və bundan sonra da müstəqil olmaq arzusunu qəti şəkildə müdafiə edəcəklər. Qafqaz respublikaları yenidən Rusiyaya birləşməyə heç bir vaxt razı olmayacaqlar. |
Keçmiş Rusiya imperiyasının hüdudlarında yaradılmış yeni dövlətlərin etiraz notasının altıncı maddəsi Denikin təhlükəsinə qarşı idi. Orada deyilirdi ki, Qafqaz respublikalarının dinc həyata qayıtmasını general Denikinin rəhbərlik etdiyi Könüllü ordunun fəaliyyəti çətinləşdirir. Bu ordu Cənubi Qafqaz üçün daimi təhlükəyə çevrilmişdir və Şimali Qafqaz respublikasının böyük bir hissəsi onun tərəfindən işğal edilmişdir. Notada böyük dövlətlərə məlumat verilməklə yanaşı, onlardan tələb edilirdi ki, Könüllü ordu işğal etdiyi ərazilərdən çıxarılsın və Qafqaz xalqlarının hüquqlarına hörmət edilsin. Ən nəhayət, Müttəfiqlərə bildirilirdi ki, Qafqaz respublikaları ilə bağlı bütün məsələlər müvafiq respublikaların hökumətləri ilə, yaxud onların Parisdəki nümayəndələri ilə razılaşdırılsın. Bu məqsədlə Sülh konfransında Pribaltika komissiyasına bənzər xüsusi Qafqaz işləri komissiyası yaradılması barədə konfransın katibliyinə təkliflər verilmişdi.
Diplomatik mübarizə
redaktəİyun ayının 28-də Estoniya, Litva, Latviya, Gürcüstan, Şimali Qafqaz, Azərbaycan və Polşa nümayəndələri Sülh konfransının rəhbərliyinin ünvanına daha bir müraciət göndərdilər. Bu müraciəti eston nümayəndələri adından C.Poska, N.Kostner və S.Pusta, latış nümayəndələri adından C.Seskis və F.Zilens, Litvapolyaklarının nümayəndəsi B.Krizanovski, gürcülərin adından N.Çxeidze, İ.Sereteli, K.Qvarçaladze və V.Qabeçiya, Dağlılar Respublikası adından A.Çermoyev və H.Bammatov, azərbaycanlılar adından Ə.Şeyxülislamov və M.Məhərrəmov imzalamışdılar. Polşanın müstəqilliyi Sülh konfransı tərəfindən tanındığından Polşa nümayəndələri sənədi Rusiyada qalan polyak torpaqlarına aid xüsusi rəylə imzalamışdılar. Müraciətdə deyilirdi:[9]
"Hazırda Şimali Qafqaz respublikasının ərazisinin general Denikin ordusu tərəfindən işğalı, Azərbaycan və Gürcüstan respublikaları üçün təhlükənin yaranmasından xəbər verir və bununla Rusiyanın mürtəce qüvvələri keçmiş çar Rusiyası ərazisində yaranmış gənc müstəqil respublikaları öz əsarətinə qaytarmağa cəhd göstərirlər... Bu sənədin altında imza atan nümayəndələr xüsusi şəkildə qeyd edirlər ki, Denikinin hücumunu müttəfiqlərin maliyyə və hərbi yardımı şərtləndirir. Bütün müstəqil dövlətlərin nümayəndələri bu müdaxiləyə qarşı etiraz edir və bildirirlər ki, öz müqəddəratını təyinetmə hüququ Rusiya məclisi tərəfindən deyil, Sülh konfransı tərəfindən müəyyən edildiyindən Qafqazda bütün dövlətlərin ərazi bütövlüyünün saxlanması və xalqların öz parlamentlərində səsləndirdikləri azad iradənin nəzərə alınması zəruridir. |
Müraciətin sonunda müttəfiq dövlətlərindən Denikin təcavüzünə son qoyulması və xalqların azad inkişafına yardım göstərilməsi tələb edilirdi.
Denikin təhlükəsi
redaktəKeçmiş Rusiya imperiyasının dağılmasından sonra yaranmış yeni respublikaların gərgin səyləri nəticəsində hazırlanıb, Sülh konfransına və ayrı- ayrılıqda müttəfiqlərin nümayəndələrinə təqdim etdikləri Bəyanat və etiraz notalarına o qədər də əhəmiyyət verilmədi. Ə.M.Topçubaşov yazırdı:
"Bu etirazlara nə Konfrans, nə də Müttəfiqlər cavab vermədilər. Eyni zamanda çox güclü şəkildə, hər vasitə ilə Kolçak hökumətinin və Könüllü ordunun tərəfi saxlanılır. Bolşeviklər üzərində qələbə qazanıldıqdan sonra onların (müttəfiqlərin) arasında vahid Rusiya yaradılacağına inam artmışdır. Bununla belə, bir şey diqqətdən yayınmışdır: bu məqsədə can atarkən onlar hüquq və maraqlarını himayə etdikləri kiçik xalqların, göründüyü kimi, azadlıq və müstəqilliyini qurban vermişlər. Müttəfiqlər Dağlılar Respublikasının darmadağın edilməsinə elə etinasız yanaşırlar ki, biz, doğrudan da, onların halına acımalı oluruq və buna görə də öz gələcəyimizə həyəcansız baxa bilmirik. |
Yaranmış bu təhlükə, habelə Qafqazdan alınan həyəcanlı xəbərlər Qafqaz respublikalarının Versaldakı nümayəndələrinin birliyini və əməkdaşlığını zəruri edirdi. Eyni zamanda yeni respublikaların nümayəndələri müşahidə edirdilər ki, Rusiyaya münasibətdə müttəfiqlər o qədər də yekdil deyillər. Əli Mərdan bəyin yazdığı kimi:[10]
"Onlardan bəziləri (İtaliya və Fransa) həqiqətən vahid Rusiya yaradılmasını istəyirlər, başqaları (İngiltərə və Amerika) isə özlərini elə göstərirlər ki, guya bu fikrə tərəfdardırlar. |
Hətta ingilis və amerikan nümayəndələri Omsk hökumətini tanımaqları ilə yanaşı, yeni respublikaların nümayəndələrinə də son söz demirdilər. Onlar bir tərəfdən yeni respublikaların müstəqilliyini müzakirəyə qoymaqdan imtina edirdilərsə, digər tərəfdən müttəfiqlərin ayrı-aуrı nümayəndələri istiqlaliyyət uğrunda mübarizə aparmağa tərəfdar olduğunu bildirirdilər. Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin yazdığı hesabatda qeyd edilirdi:[10]
"Müttəfiqlər, nəinki bizim müstəqillik məsələmizi müzakirəyə qoymurlar, hətta göründüyü kimi, buna yol vermək belə istəmirlər. Doğrudur, onların nümayəndələri ilə görüşlər zamanı hər biri ayrılıqda bizə xeyirxahlıqla yanaşır və müstəqil olmaq uğrunda atdığımız addımları yüksək dərəcədə qiymətləndirirlər. Bunu biz mətbuatdan, ayrı-aуrı deputatlardan, iqtisadi qurumların və başqa təşkilatların nümayəndələrindən də eşidirik. |
Azərbaycan Xalq Cümhuriyyətini ən çox qorxudan isə Ağqvardiyaçı Anton Denikinin cənuba doğru irəliləməsi idi. Dağlı Respublikasının işğal edilməsindən sonra Nəsib bəy Yusubbəyli Bakıdakı ingilis komandanı ilə danışıqlara başladı. İngilislərin yanındakı Könüllü ordu nümayəndəi polkovnik Lazarev Könüllü ordunun AXC-nin müstəqilliyini tanıdığını bildirdi. Yekaterinburqda olan Könüllü ordunun rəhbərlərindən biri olan General Erdelinin məktubu Nəsib bəyə çatdırıldı. Bu məktub parlamentdə oxundu. Məktub belə idi:[11]
Əgər Azərbaycan hökuməti tərəfindən üzərimizə hücum olmazsa, öz tərəfimdən ordularımızın Zaqatala - Qafqaziya dağları və Qızılburun xəttindən irəliyə getməyəcəyini təmin edirəm. |
Nəsib bəy Yusifbəyli parlamentdəki bu çıxışında bildirdi:[11]
Onlar yalnız bizim meyidlərimizin üzərindən Bakıya daxil ola bilər. |
İyun ayının əvvəllərində Denikinə və ona himayədarlıq edən ingilis generalı Q.N.Koriyə vurduğu teleqramda N.Yusifbəyov beş gün ərzində denikinçilərin Dağıstanı tərk etmələrini tələb etmişdi. Eyni zamanda Gürcüstan hökuməti də Könüllü ordunun hərəkətləri ilə bağlı ingilis komandanlığına öz etirazlarını bildirdi. Lakin ingilis komandanlığı işə qarışdısa da, Könüllü ordu Dərbəndi tərk etməkdən imtina etdi, onlar Samurçay, Zaqatalanın şimal sərhədləri üzrə yeni demarkasiya xətti müəyyən etdilər. Bununla bağlı Azərbaycan hökumətinin ikinci etirazına cavab olaraq, İngilis komandanlığı bildirdi ki, Denikinin müəyyən etdiyi "Cənub demarkasiya xətti İngiltərə hökumətinin bəyanatına uyğun deyildir". Onlar bu barədə Londona məlumat verəcəklərini bildirdilər. Azərbaycan hökumətini və sonuncu demarkasiya xətti ilə əlaqədar narazı qalan ingilisləri sakitləşdirmək üçün Denikin məktubla müraciət edib, Rusiyada mərkəzi ali hakimiyyət bərpa olunana qədər Azərbaycanın müstəqilliyini tanıdığını bildirdi. Lakin Azərbaycan hökuməti bu və buna bənzər vədlərə artıq inanmırdı.
F.Kazımzadənin yazdığı kimi, "azərbaycanlılar başa düşürdülər ki, Denikinin yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər hissələrini qaytarmaq idi.[12]
Nəticə
redaktəBütün yeni yaranmış respublikaları Parisdəki nümayəndələrinin ciddi cəhdlərinə baxmayaraq, Antanta Ali Şurası Ağqvardiyaçıların tam məğlubiyyətinə qədər yeni respublikaları tanımadılar. Hətta bu əsnada Dağlı Respublikasının Denikin tərəfindən işğal edilməsinə də göz yumdular.
Lakin qərb qüvvılərinin inanmaların və yardım etmələrinə baxmayaraq, artıq 1920-ci ildə demək olar ki, bütün ağqvardiyaçı qüvvələri bolşeviklər tərəfindən məğlub edildi. Yalnız bundan sonra Versaldakı nümayəndələr yeni respublikaların tanınması barədə düşünməyə başladılar. Və bunun nəticəsində 1920-ci ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti de-fakto səviyyədə tanındı.
İlk əvvəldəkindən fərqli olaraq, Avropanın aparıcı qüvvələri sonda "Vahid, bölünməz Rusiya" şüarının ziddinə gedərək, respublikaların müstəqilliyini de-fakto tanıdı.
İstinadlar
redaktə- ↑ Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с. 237–238
- ↑ Ю.В.Ключников и И.Сабанин. Международная политика новейшего времени. Часть II, с.250
- ↑ Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.245
- ↑ Parisdə Azərbaycan Sülh heyətinin sədri Ə.M.Topçubaşovun Sülh konfransının sədrinə məktubu. 05.06.1919.//ARDA, f.970, s.l, i.143, v.49–50
- ↑ Prèsident de la Dèlègation de Paix de la Rèpublique d'Azerbaïdjan Ali Mardan Toptchibacheff — Son Excellence, Monsieur le Prèsident de la Confèrence de la Paix. Le 5 juin I919.//Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 72
- ↑ Parisdə olan Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələrinin bəyanatı. 17.06.1919. //ARDA, f.970, s.l, i.143, v.50–51; Papers Realting to the Foreign Relations of the United States. Russia, 1919, p.380–381
- ↑ З.Авалов. Независимость Грузии в международной политике, с. 195
- ↑ Parisdə Azərbaycan Sülh heyətinin sədri Ə.M.Topçubaşovun müttəfiq və dost ölkələrin Dördlər Şurasının sədrinə məktubu. 20–23.06.1919. //ARDA, f.970, s.l, i.143, v.64–66; əlavə məlumat üçün bax: В.И.Адамия. Из истории Английской интервенции в Грузии (1918–1921 гг.), с. 122
- ↑ Papers Realting to the Foreign Relations of the United States. Russia, 1919, p.766–767
- ↑ 1 2 Azərbaycan Respublikasının Sülh nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Nazirlar Şurasının sədrinə məktubu. 22–25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.11
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s.670–671
- ↑ F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.247