Vepsler - Wikipedia
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
6.000+ | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
Haqqında
redaktəVepslər (rus. вепсы) - Ural xalqlarının fin qrupuna mənsub olan xalq. Hazırda vahid etnik əraziyə malik deyillər. Vepslər 3 qrupa ayrılırlar. I qrup - Şimal vepsləri - Kareliya Respublikası ərazisində, Oneqa gölünün cənub-qərb sahillərində yaşayırlar. II qrupa Sankt-Peterburq vilayəti ərazisində, Oyati və Kapşi çaylarının kənarında, Voloqda vilayətinin Vıteqra və Babayevsk rayonlarında yaşayan vepslər daxıldir. III qrup -Cənub vepsləri isə Sankt-Peterburq vilayətinin Yefimovski rayonunun şimalında yaşayırlar. Cənub vepsləri özlərinin bensya, qalanları isə lyudinkau adlandırırlar. XX əsrin əvvəllərinə qədərki tarixi-etnoqrafik ədəbiyyatda çud adı ilə tanınmışlar. Vepslər Ural dil ailəsi fin qrupunun pribaltika-fin qoluna mənsub olan veps dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin ağdəniz-balt tipinə aiddirlər. XI-XII əsrlərdə zorla pravoslavlaşdırılmışlar. Lakin qədim dini görüşlərini saxlamaqdadırlar: noyd adlandırdıqları şamanlara və perti-çand adlandırdıqları cinlərə inanırlar. Vepslərin ulu babaları (onlar həm də karellərin, şimal ruslarının və qərb komilərinin soyköklərində iştirak etmişlər) qədim fin tayfası olan veslər hesab edilirlər. Veslərin adı ilk dəfə "vas" və "vazina" formasında VI əsrdə yaşamış qot tarixçisi İordanın əsərində çəkilir. X əsrdə yaşamış ərəb tarixçisi İbn Fədlan qədim ves tayfalarını "vesu", XI-XIII əsrlərdə alman mənbələri isə "vizzi", "vizinus" adlandırmışlar. Novqorod feodal respublikası ərazisinin qədim əhalisi olan vepslərin əksəriyyəti bu yerlər mərkəzləşdirilmiş Rus dövlətinin tərkibinə qatıldıqdan sonra təhkimli kəndlilərə çevrildilər. XVIII əsrin əvvəllərində vepslərin bir hissəsi Olonetsk silah zavoduna və Ladeynoye Pole gəmiqayırma tərsanəsinə təhkim olundular, qalanları isə çar Rusiyası üçün taxta-şalban tədarükündə əsas işçi qüvvəsinə çevrildilər. Vepslərin əksəriyyəti indi də bu sahədə çalışır.
Vepslərin əsas və ənənəvi məşğuliyyətləri üçtarlalı kotan əkinçiliyi idi. Onlar kyulya, naqast adlanan kəndlərdə yaşayırdılar. Kodi və ya nert adlanan mənzilləri nyaç adlanan soba ilə isidilirdi. Vepslərin əsas mənzil forması "T" şəkilli kərtmə ağac evlərdir. Ənənəvi yeməkləri: mayasız xəmirdən bişirilmiş çörək (leyb), balıq piroqu (kurnik), yulaf unundan hazırlanan kökə (kurz)və uzun kətə (kalitad). Ən çox xoşladıqları içkilər pivə (olud) və çörək kvasıdır
Vepslər zəngin folklora malikdirlər. Folklorlarında qədim fin tayfası olan çudlardan geniş bəhs olunur. Veps musiqisində qaşıqlarla rəqs xüsusi yer tutur.
İstinadlar
redaktə- ↑ Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
Mənbə
redaktə- Ural xalqlları. Bakı,1997. səh.7-8
- Пименов В.В. Вепсы. Очерк этнической истории и генезиса культуры. Ленинград.1965.
- Зайцева М.И, Муллонен М.И, Образцы вепсской речи. Ленинград.1969.
- Народы мира. Москва,1988.
- Население СССР.Москва,1990.