Vestern - Wikipedia
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir.
Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur.
Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir. Bu filmlərdə poçt qatarlarının basılması, hinduların basqınları, alicənablıq və alçaqlıqda tez-tez yer alır. Bu filmlərin arasında "Yeddi Cəsur", "Yaxşı, pis, hirsli", "Makkennanın qızılı", hindu Çinqaçquq haqqında filmlər var.
Vesternlərin özü də janr etibarilə son dərəcə müxtəlifdir. Bəziləri dramlara, digərləri melodramlara və komediyalara meyillidir. Səsli kino illərində isə hətta kovboy həyatından götürülmüş musiqili-rəqsli reveler də meydana gəlir. Vesternlərin süjetləri ABŞ-nin keçmişindən, bu ölkəyə məskunlaşmağa gələnlərin Amerikanın yerli əhalisi olan hindulara qarşı amansız mübarizəsindən, eləcə də daha sonrakı vaxtlarda iri kapital sahibləri tərəfindən iflasa uğradılan xırda fermerlərin özü torpaqlarından çıxıb getmələri ilə bağlı hadisələrdən götürülür. Belə əhvalatların əsl səbəbləri əsaslı surətdə ört-basdır edilir, lakin sadə adamlara qarşı ədalətsizliklərə etiraz hissləri bir çox vesternlərin açıq-aydın sezilir. Vestrenlərin ssenarilərində Fenimor Kuper, Qart, Cek London kimi yazıçıların ədəbi əsərlərinin motivlərindən geniş istifadə olunurdu. Vesternlərin populyarlığı digər ölkələrin prodüserlərinin də onların istehsalı ilə məşğul olmağa vadar etdi. Müəyyən vaxtdan sonra vesternlər İtaliyada da yaranmağa başladı. Uzaq Qərbin istehsal tarixinin həddindən artıq şişirdilməsi və mifləşdirilməsi meyilləri müasir vesternlərdə də davam etdirilir.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |