Vikipediya Heftenin Secilmis Meqalesi 1 Hefte 2012 - Wikipedia
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi.
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ tunc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır. Şəhərdə müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər. İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır. |