Vikipediya Heftenin Secilmis Meqalesi 10 Hefte 2021 - Wikipedia
Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça.
Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı. XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin) heç bir xəritədə qeyd edilməməsi olmuşdur. (Davamı...) |