Vikipediya Heftenin Secilmis Meqalesi 11 Hefte 2018 - Wikipedia
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur.
Romanda təcavüz və irqi ayrıseçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: “Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrıseçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir”. Cənubi qotik üslubunda yazılmış bir roman olan “Bülbülü öldürmək” romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. |