Vikipediya Heftenin Secilmis Meqalesi 12 Hefte 2021 - Wikipedia
Gəncə üsyanı (1920) — Sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanı. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi.
Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi. Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Mayın 25-də Taman süvari briqadasının II alayı da Gəncəyə gətirildi. |