Vikipediya Heftenin Secilmis Meqalesi 12 Hefte 2024 - Wikipedia
Krım tatarlarının deportasiyası — 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.
Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. (Davamı...) |