Vikipediya Heftenin Secilmis Meqalesi 13 Hefte 2016 - Wikipedia
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.
Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib. Conun qatili Mark Çepmen 24 avqust 1981-ci ildə keçirilmiş məhkəmədə yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edilib. 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı müxtəlif illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib. |