Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Adolf Vilyam Buqro — akademik realist fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.
Bouguereau – Buqro soyadı son orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər bu soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530–cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqında cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəslə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. |