Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2023 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 14 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.
Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi". |