Vikipediya Heftenin Secilmis Meqalesi 16 Hefte 2014 - Wikipedia
Şihabəddin Yəhya Sührəvərdi — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisidir. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır.
Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. |