Vikipediya Heftenin Secilmis Meqalesi 16 Hefte 2016 - Wikipedia
Yaponiya — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.
Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. |