Vikipediya Heftenin Secilmis Meqalesi 16 Hefte 2018 - Wikipedia
Eri — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır. İrokez Konfedrasiyasının 6 xalqı (Seneka xalqı da daxil) indiki Eri ərazisində məskunlaşmışdılar. Avropalılar bura ilk dəfə 1753-cü ildə fransızların Yeni Fransanı Böyük Britaniya işğalından qurtarmaq üçün Presk Ayl qəsrini tikdikləri dövrdə çatdılar. Hazırda bu qəsr ərazisinin yaxınlığında Presk Ayl Ştat Parkı yerləşir. "Preske-isle" fransız sözü olub, "yarımada" deməkdir (hərfi tərcümədə "az qala ada"). |