Vikipediya Heftenin Secilmis Meqalesi 17 Hefte 2016 - Wikipedia
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Kiçik göy cismləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.
Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cismdir. Erida məlum olan ən böyük cırtdan planetdir. Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları olan Mayk Braun və Konstantin Bariginin fərziyyələrinə görə Günəş sistemində Yerdən on dəfələrlə böyük olan Doqquzuncu Planet də vardır. |