Vikipediya Heftenin Secilmis Meqalesi 18 Hefte 2016 - Wikipedia
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili Ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744-1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. |