Vikipediya Heftenin Secilmis Meqalesi 18 Hefte 2018 - Wikipedia
Palmira — Suriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.
Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Rəşidi, Əməvi, Abbasi xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. 1400-cü ildə Teymurilər tərəfindən dağıdıldıqdan sonra kiçik bir kəndə çevrilən Palmira Osmanlıların (1918-ci ilə kimi), Suriya krallığının daha sonra isə Suriya və Livanda Fransa Mandatının tərkibində olmuşdur. 1929-cu ildə Fransızlar Palmira kəndinin əhalisini yeni inşa edilmiş Tadmur kəndinə köçürməyə başlamışlar, köçürmə işləri 1932-ci ildə tamamlanmış və tamamilə boşalmış ərazi arxeoloji tədqiqatlar üçün yararlı hala gətirilmişdir. |