Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2016 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2016 - Wikipedia - Haqqında Məlumat
Qara cəngavər — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir.
Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. |