Vikipediya Heftenin Secilmis Meqalesi 21 Hefte 2023 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 21 Hefte 2023 - Wikipedia - Haqqında Məlumat
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən sporadik və adətən lokal xarakter daşıyan təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı.
Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur. |