Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Palmira — Suriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi.
267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Rəşidi, Əməvi, Abbasi xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. |