Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2018 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 23 Hefte 2018 - Wikipedia - Haqqında Məlumat
Neptun — Günəş sistemində səkkizinci və Günəşdən ən uzaq planet. Xarici planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə çoxdur. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Planetin adı Roma mifologiyasında dəniz tanrısı olan Neptunun adından götürülmüşdür. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.
Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi fikri ortaya atıldı. Neptun 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. |