Vikipediya Heftenin Secilmis Meqalesi 24 Hefte 2017 - Wikipedia
Müqəddəs Pyotr bazilikası — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid kilsədir.
Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, “xristian dünyasında unikal mövqeyə malik” və xristian dünyasının ən möhtəşəm kilsələrindən biri kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır. |