Vikipediya Heftenin Secilmis Meqalesi 3 Hefte 2019 - Wikipedia
Freddi Merkyuri — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir.
Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür. O, 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətlərində ifadə edən Rocer Teylor ilə birlikdə Queen qrupunu yaratmışdır. Merkyuri 1991-ci ildə 45 yaşında ikən QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etmiş, ölümündən bir gün əvvəl isə onun xəstəliyə tutulması təsdiqlənmişdir. 1992-ci ildə, ölümündən sonra Britaniya musiqisinə əlamətdar töhfələrinə görə Brit mükfatına layiq görülmüş və Londonun Uembli stadionunda ona həsr edilmiş konsert keçirilmişdir. Queen üzvü kimi 2001-ci ildən Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame), 2003-cü ildən Mahnı bəstəkarları şöhrət zalı (ing. Songwriters Hall of Fame), 2004-cü ildən isə Birləşmiş Krallıq Musiqisi şöhrət zalında (ing. UK Music Hall of Fame) təmsil olunur. BBC tərəfindən 2002-ci ildə keçirilmiş sorğuya əsasən 100 ən böyük britaniyalı siyahısında 58-ci yerdə qərarlaşmışdır. Müxtəlif sorğular nəticəsində dəfələrlə populyar musiqi tarixində ən böyük ifaçılardan biri olduğu göstərilmişdir. |