Vikipediya Heftenin Secilmis Meqalesi 30 Hefte 2018 - Wikipedia
Hörümçək-adam — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.
Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. |