Vikipediya Heftenin Secilmis Meqalesi 36 Hefte 2015 - Wikipedia
Ev qulluqçusu (film, 2011) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir.
Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. (Davamı...) |