Vikipediya Heftenin Secilmis Meqalesi 37 Hefte 2015 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 37 Hefte 2015 - Wikipedia - Haqqında Məlumat
Makedoniyalı İsgəndər — III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ aner "adam") (d. e.ə. 20/21 İyul 356 – ö. e.ə. 10/11 İyun 323) Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.
Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası Filipin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə. 334-cü ildə o, Anatoliyanı idarə edən Əhəmənilər imperiyasını işğal edib və 10 il davam edən hərbi əməliyyatlara başlayıb. İsgəndər həlledici döyüşlərdə, xüsusilə İss və Qavqamel döyüşlərində İranın gücünü məhv edib. O, axırda İran hökmdarı III Daranı hakimiyyətdən salıb və ilk İran imeriyasının tamamını işğal edib. Bu zaman onun imperiyası Adriatik dənizindən Hind çayına qədər uzanırdı. |