Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2015 - Wikipedia
Xosrov və Şirin — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.
Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin (şəkildə: "Sevgililərin birinci görüşü") haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır. “Xosrov və Şirin” poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: “Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.” |