Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2018 - Wikipedia
Hüseynqulu xan Sərdar — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.
Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir. I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. |