Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2024 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 38 Hefte 2024 - Wikipedia - Haqqında Məlumat
Mahatma Qandi — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "ulu ruh" mənasını daşıyan "Mahatma" və "ata" mənasını daşıyan "Bapu" adları ilə də tanınır. O, Hindistanda rəsmi şəkildə "xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası yekdilliklə 2 oktyabrı "Beynəlxalq Qeyri-zorakılıq Günü" olaraq elan etmişdir. Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. |