Vikipediya Heftenin Secilmis Meqalesi 41 Hefte 2014 - Wikipedia
Kiş kilsəsi — Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. Tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B. Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edmişdilər. |