Vikipediya Heftenin Secilmis Meqalesi 42 Hefte 2016 - Wikipedia
Merkuri — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Daxili planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə hərəkət edən planetdir və dövrəsini 88 günə tamamlayır. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkurinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.
Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik -173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə -93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə sahibdir. Planetin orbitinin zamanla daha da kənarmərkəzli olacağı və kənarmərkəzlilik dərəcəsinin hal hazırkı göstərici olan 0,21-dən 0,5-ə yüksələcəyi düşünülür. Merkurinin Günəşə ən uzaq məsafəsi ən yaxın məsafəsindən təxminən 1,5 dəfə çoxdur. Merkurinin səthi ağır zərbə kraterləri ilə örtülmüşdür və bu baxımdan Ayla oxşarlığı vardır. Səthində milyard illərdir ki, geoloji aktivlik dayanmışdır. |