Vikipediya Heftenin Secilmis Meqalesi 43 Hefte 2016 - Wikipedia
Mohandas Karamçand Qandi — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri.
Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya şiddətə yox günü" olaraq elan etmişdir. Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrıseçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi. (Davamı...) |