Vikipediya Heftenin Secilmis Meqalesi 44 Hefte 2011 - Wikipedia
I İbrahim (şirvanşah) — Şirvanşahlar dövlətinin otuz dördüncü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir.
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar. Şeyx İbrahim dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir. Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi. Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Şeyx İbrahim bu ağır siyasi şəraitdə Şirvanın əhvalının ağırlığını böyük uzaqgörənliklə qiymətləndirdi. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. Davamı...) |