Vikipediya Heftenin Secilmis Meqalesi 44 Hefte 2019 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 44 Hefte 2019 - Wikipedia - Haqqında Məlumat
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.
Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. |