Vikipediya Heftenin Secilmis Meqalesi 45 Hefte 2019 - Wikipedia
Kiran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX-IV əsrlərə aid edilmişdir.
Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. “Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri”ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir. 1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır. |