Vikipediya Heftenin Secilmis Meqalesi 46 Hefte 2012 - Wikipedia
Bəbir və ya qaplan — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir. Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır. Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır. Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır. Bəbirin öyrənilməsində Felis pardus adlı "Systema naturæ" ilk elmi tədqiqat işi Karl Linneyə məxsusdur. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir. (Davamı...) |