Vikipediya Heftenin Secilmis Meqalesi 48 Hefte 2011 - Wikipedia
Otto fon Bismark — (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen; 1 aprel 1815 - 30 iyul 1898) — Prussiya və Almaniyanın XIX əsr görkəmli dövlət xadimi və yaşadığı dövrün dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (Ministerpräsident), sonra isə kansleri kimi Almaniyanın birləşməsi məsələsi ilə məşğul olurdu. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olur və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görür. Bismark-Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişlər.
Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771-1845) və Vilhelmina Luiza Menkenin (1790-1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi. Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq həssaslığını götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır və oxuyur, polyakca danışır, fransızca və rusca sərbəst bilirdi. Otto həyat yoldaşına məktublarında Uilyam Şekspirdən və Corc Bayrondan sitatlar gətirirdi. Davamı...) |