Vikipediya Heftenin Secilmis Meqalesi 48 Hefte 2017 - Wikipedia
Lvov orta əsrlərdə — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir).
Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. |