Vikipediya Heftenin Secilmis Meqalesi 5 Hefte 2012 - Wikipedia
Təbriz (fars. تبریز) — İranın dördüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi.
2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 1 398 060 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd dağlarından şimalda yerləşir. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə Şərqdə şöhrət qazanmışdır. Ən qədim dövrlərdən Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından cənuba doğru — Mesopotamiya və Hindistana gedən mühüm ticarət yolları bu şəhərdən keçmişdir. Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin cənubunda yerləşir. Şəhərin cənubunda yerləşən 3547 m hündürlüyə malik Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə vardır. Bu dağ qədim Assur mənbələrində Uauş dağı adlandırılır. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farsca Zərdüguh) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 metrədək yüksəklikdə yerləşir. Azərbaycanın təbii və coğrafi şəraitinin əlverişli olması bu ərazidə yaşayan əhali üçün qədim zamanlardan gözəl imkan yaratmışdır. |