Vikipediya Heftenin Secilmis Meqalesi 5 Hefte 2015 - Wikipedia
Teymurilər dövləti — 1370-1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmiş monqol boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.
Teymurilər dönəmində Türkistan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türkistan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir. Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Bu səbəbdən XIV-XV əsrlərdə Səmərqənd tarixinin qızıl dövrünü yaşamışdı. Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq da xatırlanmaqdadır. 1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu. Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi. (Davamı...) |