Vikipediya Heftenin Secilmis Meqalesi 5 Hefte 2019 - Wikipedia
Məhəmməd Cahan Pəhləvan — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.
Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər. Lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. |