Vikipediya Heftenin Secilmis Meqalesi 50 Hefte 2023 - Wikipedia
Nəsrlə yazılmış Milad nəğməsi — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir.
Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır. |
Milad